Gürcüstanda hərbi çağırış qaydasında DƏYİŞİKLİK

Az.shafaqna.com xəbər verir ki, Gürcüstan hökuməti vətəndaşların hərbi qeydiyyata alınması və hərbi xidmətə çağırılması barədə məlumatlandırılması qaydasını dəyişib.

Hökumətin qərarına əsasən, çağırışçıya hərbi qeydiyyata alınması barədə bildiriş və ya çağırış vərəqəsini şəxsən təqdim etmək mümkün olmadıqda, sənəd müvafiq agentliyin rəsmi internet saytında dərc ediləcək.

Çağırış vərəqəsi dərc edildikdən sonra yeddinci təqvim günündə rəsmi şəkildə təqdim edilmiş hesab olunacaq.

Bununla yanaşı, vətəndaş hərbi qeydiyyata alınması barədə bildirişin və ya çağırış vərəqəsinin rəsmi təqdim edildiyi andan etibarən 10 təqvim günü ərzində agentliyin müvafiq struktur bölməsinə gəlməlidir.

Sənəddə çağırış vərəqələrinin dərc edilməsi qaydası da dəqiqləşdirilib. Sənədi çağırışçıya təqdim etmək mümkün olmadıqda, agentlik çağırış barədə bildirişi ikinci iş günündən gec olmayaraq öz rəsmi internet saytında yerləşdirməlidir.

Beləliklə, çağırış vərəqəsinin rəsmi internet saytında dərc edilməsi onun sonradan – yerləşdirildiyi gündən yeddinci təqvim günündə – rəsmi şəkildə təqdim edilmiş hesab olunması üçün əsas yaradır.

Xatırladaq ki, Gürcüstanda məcburi müddətli hərbi xidmətə çağırış yalnız 18–27 yaş arasında hərbi qeydiyyatda olan şəxslər arasından təsadüfi seçim əsasında həyata keçirilir.

Gürcüstanda müddətli hərbi xidmət ödənişlidir, yəni əsgərlərə ödənişlər edilir və məzuniyyət və istirahət günlərini də əhatə edir. Çağırışçı xidmət keçmək üçün özünə uyğun olan üç variantdan birini seçə bilər:

  • döyüş bölməsində xidmət – 6 ay;
  • mühafizə və təminat bölmələrində xidmət – 8 ay;
  • kiçik komandir rütbəsinin və müəyyən ixtisasın əldə edilməsi üçün xidmət – 11 ay.

Çağırış il ərzində mərhələli şəkildə həyata keçirilir.

Bu məqaləni paylaş