Ermənistan Azərbaycan və Türkiyə ilə dövlətlərarası münasibətlərin formalaşdırılması istiqamətində də addımlar atır.
Az.shafaqna.com xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “ŞƏT plyus” formatında keçirilən görüşdə çıxışı zamanı bildirib.
Paşinyan qeyd edib ki, Ermənistan çoxqütblü və balanslaşdırılmış xarici siyasət yürüdür. Onun sözlərinə görə, bu siyasətin əsas məqsədi ölkənin suverenliyi və müstəqilliyini qorumaq və möhkəmləndirməkdir.
Ermənistan hökumət başçısı qonşu İran və Gürcüstanla dostluq əlaqələrinin inkişaf etdirildiyini, eyni zamanda Azərbaycan və Türkiyə ilə dövlətlərarası münasibətlərin qurulması istiqamətində işlərin davam etdiyini vurğulayıb.
Paşinyan bildirib ki, Ermənistanla Azərbaycan arasında sülhün təmin olunması fonunda Azərbaycan və Türkiyə ilə dövlətlərarası kommunikasiyaların açılması üzərində də iş aparılır. Bu çərçivədə TRIPP layihəsinin həyata keçirilməsinin yeni nəqliyyat imkanları yaradacağı qeyd olunub.
Onun sözlərinə görə, layihə yalnız Xəzər dənizi ilə Aralıq dənizini birləşdirən Şərq-Qərb marşrutunun deyil, həm də Fars körfəzi ilə Qara dənizi əlaqələndirən Cənub-Şimal nəqliyyat istiqamətinin inkişafına imkan verə bilər.