Bu gün su çərşənbəsidir

.
0

Bu gün Azərbaycanda ilk çərşənbə – su çərşənbəsidir.

Az.shafaqna.com xəbər verir ki, su çərşənbəsi ilə Novruz bayramına hazırlıqlar başlanır. Su çərşənbəsində suyun müqəddəs mahiyyəti ifadə olunur.

Su çərşənbəsi boz ayın dörd müqəddəs çərşənbəsinin ilkidir. Xalq arasında o, “əvvəl çərşənbə”, “gözəl çərşənbə”, “sular Novruzu”, “gül çərşənbə” kimi də tanınır.

İnanca görə, həmin gün sular təzələnir. Gün doğmazdan öncə kənd yerlərində insanlar bulaq üstünə gedər, əl-üzünü yuyar, bir-birinin üzünə su çiləyər, su üstündən atlanar, evə su gətirərək həmin sudan çay qoyarlar. Deyilənə görə, su çərşənbəsi günü su üstündən keçənlər azar-bezardan uzaq olarlar. Hətta söyləyirlər ki, su çərşənbəsi günü bulaqların şəfası da artar. Bəlkə də buna görə ta qədimlərdə insanlar həmin gün su kənarında, bulaq başında, çay qırağında su çağıran, onun gözəlliyini, qüdrətini, müqəddəsliyini tərənnüm edən nəğmələr oxuyardılar.

İlk çərşənbə olan su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Həmin gün su üstündə müxtəlif mərasimlər keçirilir. Su çərşənbəsi ilə əlaqədar çoxlu sayda inanclar, fallar, türkəçarələr, bayatılar, əfsanələr və rəvayətlər var. Bu çərşənbədə yenicə ana olmuş qadın meydanda dayanıb subay qızlara və övladı olmayan gəlinlərə su verərmiş. İnanca görə həmin il subay qızlar ailə qurar, övladı olmayanlar övlad sahibi olacağına inanardılar.

Əvvəlki məqaləAnkarada Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib
Növbəti məqalədəGürcüstan Polisi xüsusi əməliyyatla Nika Meliyanı saxladı – VİDEO