İsrail mediası: Hizbullah oyunun qaydalarını dəyişir

Az.shafaqna.com xəbər verir ki, İsrailin “Maariv” qəzeti bir məqalə dərc edərək İsrail ordusunun iki hərbiçisinin ölümü və dördünün yaralanmasıyla bağlı baş verən hücumu Livan müqavimət hərəkatının yeni döyüş strategiyası ilə partizan döyüşünə başladığının xəbərçisi olduğunu qeyd edib.

Livan sərhədində partizan müharibəsi, Qəzzada yeni taktiki siyasət, İordan çayının qərb sahilinə (İordan/İudeya və Samariya) əlavə qüvvələrin yerləşdirilməsi və ehtiyatda olan hərbçilərin yenidən hərbi xidmətə çağırılması — İsrail Müdafiə Qüvvələrinin qarşısında duran çətinliklər zəncirini daha da mürəkkəbləşdirir.

Qəzetin yazdığına görə, Livanın cənubundakı Məcdəl Zun qəsəbəsində binaya yerləşdirilmiş minanın partlaması nəticəsində İsrail ordusunun 2 hərbçisinin həlak olması (mayor və gizir) və 4-nün yaralanması vəziyyətin İsrail üçün mənfi istiqamətə yönəldiyini göstərir. Hizbullah İranın birbaşa razılığı və vaxt bölgüsü ilə ərazidə partizan müharibəsi apararaq İsrail ordusunu sıxışdırmağa çalışır.

“İsrail tərəfinin reaksiyası sürətli və adekvat olmayıb. İnsidentdən saatlar keçməsinə baxmayaraq, Hərbi Hava Qüvvələri və artilleriyanın zərbələri kifayət qədər məhdud xarakter daşıyıb. Əl-Mənsuri kəndinə edilən hücumlar da Hizbullahı çəkindirmək üçün kifayət edəcək dərəcədə sərt olmayıb.”, -deyə Maariv qəzeti yazır.

Qəzza cəbhəsində İsrail ordusu siyasi rəhbərliyin qoyduğu şərtlər daxilində manevr etməyə məcburdur. Yeni qaydalara əsasən, “özünümüdafiə” halları müstəsna olmaqla, hədəfli məhvetmə (sui-qəsd) əməliyyatlarına yalnız Baş Qərargah rəisi və ya siyasi rəhbərlik şəxsən icazə verə bilər.

Sərhəd bölgəsini ziyarət edən Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir bildirib ki, ordu əhalini qorumaq üçün təşəbbüsü əldə saxlayacaq:

“Biz müəyyən etdiyimiz təhlükəsizlik konsepsiyasını tətbiq edirik. Qəzzada HƏMAS-a ağır zərbələr endirərək onu əhəmiyyətli dərəcədə zəiflətmişik. Ordumuz 7 oktyabr ssenarisinin bir daha təkrarlanmasına imkan verməyəcək.”

Qəzetin qeydlərinə görə, qarşıdan gələn Yəhudi bayramları ərəfəsində İordan çayının qərb sahilində yeni məskunlaşma məntəqələrinin salınması planı təhlükəsizlik risklərini artırır. Bu səbəbdən İsrail ordusu Qəzza və Livan istiqamətindən müəyyən qüvvələri bu bölgəyə gətirməyə məcbur olacaq.

“Canlı qüvvə çatışmazlığını aradan qaldırmaq üçün ordunun yaxın günlərdə əlavə ehtiyatda olan hərbçiləri  xidmətə çağıracağı gözlənilir. Hətta 32 aylıq müddətli həqiqi hərbi xidmətini başa vurub tərxis olunmağa hazırlaşan bəzi əsgərlərə məzuniyyətdə olduqları vaxtda avqust ayı üçün təkrar xidmətə çağırış  vərəqələri təqdim olunur.”, – İsrailin tanınmış qəzeti yazıb.

Bu məqaləni paylaş