Qazaxıstanda Xəzər dənizinin dibi ilə çəkilən Transxəzər Fiber-Optik Kabel Xəttinin əsas tikinti mərhələsi tamamlanıb. Aktau–Sumqayıt marşrutu üzrə uzanan sualtı kabel artıq Qazaxıstan sahilinə çatdırılıb.
Az.shafaqna.com xəbər verir ki, bu barədə ölkənin Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyi açıqlama yayıb. Layihə “Qazaxtelekom” ASC və “AzerTelecom International” şirkəti tərəfindən həyata keçirilir.
Məlumata əsasən, kabelin çəkilişinə 2026-cı ilin iyul ayında start verilib. İşlərdə 20 min tondan artıq su tutumuna malik xüsusi gəmi və 70 nəfərlik mütəxəssis heyəti iştirak edib. Hazırda kabelin sahil infrastrukturuna inteqrasiyası üzrə işlər davam etdirilir.
Payız aylarında yerüstü infrastrukturun tikintisinin yekunlaşdırılması, avadanlıqların sazlanması və sistemin sınaqdan keçirilməsi nəzərdə tutulur.
Layihənin tikintisi və gələcək istismarı “Qazaxtelekom” və “AzerTelecom International”ın birgə təsis etdiyi “CaspiLink B.V.” şirkəti tərəfindən həyata keçiriləcək. Bildirilib ki, layihə dövlət büdcəsindən maliyyələşdirilmir və bütün xərclər operatorların öz vəsaitləri hesabına qarşılanır.
