2026-cı ilin iyul ayında beynəlxalq bazarlarda qiymətli metalların qiymətində aylıq geriləmə müşahidə olunsa da, qızıl və gümüş ötən ilin eyni dövrü ilə müqayisədə hələ də daha yüksək qiymətlərlə ticarət olunur.
Bu barədə “Az.shafaqna.com” Dünya Bankının əmtəə bazarına dair aylıq hesabatına istinadən məlumat yayıb.
Hesabata görə, iyul ayında qızılın orta qiyməti bir troya unsiyası üçün 4 073 ABŞ dolları olub. Bu göstərici iyun ayı ilə müqayisədə 3,7 faiz aşağıdır. Gümüşün orta qiyməti isə bir troya unsiyası üçün 58,8 ABŞ dolları təşkil edib ki, bu da aylıq müqayisədə 11,8 faiz azalma deməkdir.
Bununla yanaşı, cari ilin ikinci rübündə qızılın orta qiyməti bir troya unsiyası üçün 4 512 ABŞ dollarına çatıb. Bu, 2025-ci ilin analoji dövrü ilə müqayisədə 37 faiz çoxdur. Gümüşün orta qiyməti isə 73,5 ABŞ dolları olub və illik müqayisədə 118,1 faiz artım göstərib.
Dünya Bankının hesabatında qeyd olunur ki, 2025-ci il ərzində də qiymətli metalların bahalaşması davam edib. Həmin il qızılın orta illik qiyməti 3 442 ABŞ dolları olub ki, bu da 2024-cü illə müqayisədə 44,1 faiz çoxdur. Gümüşün orta illik qiyməti isə 39,8 ABŞ dolları təşkil edib və əvvəlki illə müqayisədə 40,6 faiz yüksəlib.
