Özbəkistan 2 kəndi Qırğızıstana təhvil verir

Qırğızıstan və Özbəkistan əvvəllər Özbəkistanın Fərqanə vilayətinin tərkibinə daxil olmuş Çon-Qara və Daş-Döbə kəndlərinin rəsmi şəkildə təhvil verilməsi ilə bağlı təşkilati-texniki işlərə başlayıblar.

Az.shafaqna.com xəbər verir ki, bu barədə Qırğızıstan Prezidentinin Batken vilayəti üzrə nümayəndəliyi məlumat yayıb.

Avqustun 3-dən etibarən birgə işçi qrupu birbaşa kəndlərdə fəaliyyətə başlayıb. Mütəxəssislər sakinlərin qeydiyyatını aparır və sənədlərin sonrakı rəsmiləşdirilməsi qaydasını izah edirlər.

İşlər Qırğızıstan-Özbəkistan dövlət sərhədinin demarkasiyası və torpaq sahələrinin mübadiləsinə dair əldə olunmuş razılaşmalar çərçivəsində həyata keçirilir.

İki ölkənin birgə işçi komissiyasının növbəti iclası iyulun 24-də Qırğızıstanın Batken vilayətinin Kadamcay rayonunda keçirilib. Tərəflər təhvil verilən ərazilərdə yaşayan sakinlərin vətəndaşlıq statusunu, köçürülmə, əmlak, təsərrüfat fəaliyyəti və digər təşkilati məsələləri müzakirə ediblər.

Çon-Qara və Daş-Döbə kəndlərində əsasən etnik qırğızlar yaşayırlar. İlkin məlumata görə, hər iki yaşayış məntəqəsinin ümumi əhalisi təxminən 2,5 min nəfərdir. Qeydiyyat başa çatdıqdan sonra qanunvericiliyə uyğun olaraq sakinlərə Qırğızıstan vətəndaşlığının verilməsi proseduruna başlanılacaq. Bunun əvəzində Qırğızıstan Özbəkistana sahəsinə görə bərabər olan torpaq sahələri verəcək.

Bu məqaləni paylaş