Tbilisi Cümə Məscidində Ərbəin mərasimi keçirilib – FOTO

Az.shafaqna.com xəbər verir ki, Tbilisi Cümə Məscidində Ərbəin mərasimi keçirilib.
Mərasimdə Bütün Gürcüstan Müsəlmanları İdarəsinin (BGMİ) din xadimləri, ruhanilər və yerli müsəlman icmasının nümayəndələri iştirak ediblər.
Tədbirin əvvəlində Hacı Vidadi Qurbanov Quran-ı Kərimdən ayələr tilavət edib, ardından Seyyid Vüqar Fətiyev məclisi açıq elan edib.
Tədbirdə ilk olaraq çıxış edən BGMİ Şeyxi Hacı Faiq Nəbiyev Ərbəin gününün dərin mənəvi mahiyyətindən və İslam aləmindəki vəhdət rolundan söhbət açıb. O, Həzrət İmam Hüseynin (ə) haqq-ədalət uğrunda mübarizəsinin bəşəriyyət üçün böyük ləyaqət dərsi olduğunu vurğulayaraq, Ərbəinin müsəlmanlar arasında vəhdəti, zülmə qarşı mənəvi duruşu və haqq yolunda həmrəyliyi təcəssüm etdirdiyini bildirib.
Daha sonra İmam Hüseyn məscidinin axundu Hacı Əziz Nəbiyev diqqəti Ərbəinin mənəvi və əxlaqi təsirlərinə yönəldib. O, Kərbəla məktəbinin insan ruhunu saflaşdıran, əxlaqi yetkinliyə ucaldan və fədakarlıq hissini yaşadan tükənməz bir mənşə olduğunu vurğulayıb.
Şərqi Gürcüstan müftisi Etibar Eminov isə öz nitqində cəmiyyətdə birlik və qardaşlıq mühitinin vacibliyini qeyd edib. Müfti İmam Hüseynin (ə) bütün müsəlmanlar üçün ortaq dəyər olduğunu bildirərək, bu cür mənəvi günlərin müsəlman icmasını bir araya gətirdiyini, aralarındakı birliyi və sülh mühitini daha da möhkəmləndirdiyini diqqətə çatdırıb.
Mərasim boyunca Seyyid Əli Nəqiyev, Sirxan Xıdırov, Nicat Musayev və Veysəl Paşayev tərəfindən mərsiyələr oxunub.
Məclis oxunan dualar və mənəvi birlik diləkləri ilə başa çatıb, ardından tədbir iştirakçılarına ehsan süfrəsi verilib.
Bu məqaləni paylaş