Tarixi kəşf: Qazaxıstanda VIII əsrə aid məscid tapıldı

Az.shafaqna.com xəbər verir ki, arxeoloqlar Qazaxıstanda qədim Otrar şəhər yerinin ərazisində VIII əsrə aid məscidin qalıqlarını aşkar ediblər.

Tikilinin yaşı laboratoriyada aparılmış odun külünün analizi nəticəsində müəyyən edilib.

Alimlər qarşılarında məhz məscidin olduğunu Məkkə (Kəbə) istiqamətini göstərən mehraba əsasən müəyyən ediblər.

Hazırda bu tikilinin yalnız bir hissəsini üzə çıxarılıb. Qeyd edilib ki, məscid tam şəkildə tədqiq olunarsa, bu, mühüm elmi kəşf olacaq

Həmçinin orta əsrlərə aid daş döşənmiş küçə də ortaya çıxıb.

“Bundan əlavə, biz daş döşənmiş bir küçə də aşkar etmişik”, – deyə arxeoloq Muxtar Koja bildirib. O qeyd edib ki, 100 kvadratmetrlik ərazidə qədim evlərin qalıqları, memarlıq dekoru nümunələri, bəzək əşyaları və keramika məmulatları da tapılıb.

Bundan başqa, məscidin yaxınlığında ən azı 50 məzardan ibarət qəbiristanlıq da yerləşib. Bütün bu tapıntılar əsasında alimlər Otrarın Böyük İpək Yolunun ən iri və ən inkişaf etmiş şəhərlərindən biri olduğu qənaətinə gəliblər.

“Bu il əldə etdiyimiz tədqiqat nəticələri xarici alimlər arasında böyük maraq doğurub. Biz tapıntıların elmi təhlilini davam etdiririk və qədim Otrarın tarixinin qorunmasına kömək edəcək rəqəmsal materiallar hazırlayırıq. Hazırda aşkar edilən bütün artefaktlar ətraflı şəkildə öyrənilir. Tədqiqatın nəticələrini mütəxəssislər Kembricdə keçiriləcək beynəlxalq elmi konfransda təqdim etməyi planlaşdırırlar”, – deyə Qazaxıstan Milli Muzeyinin aparıcı elmi işçisi Əli Alimbekulı bildirib.

Bu məqaləni paylaş