Fransa millisinə müsəlman əfsanə başçılıq edəcək

Zinəddin Zidan rəsmi olaraq Fransa milli futbol komandasının yeni baş məşqçisi təyin edilib.

Az.shafaqna.com xəbər verir ki, 54 yaşlı mütəxəssislə bağlanacaq müqavilə 2030-cu il dünya çempionatının sonunadək qüvvədə olacaq.

Razılaşma hələ 2025-ci ilin noyabrında əldə olunub.

Məlumata görə, Zidan artıq məşqçilər korpusunu formalaşdırıb, müqavilənin isə Fransa millisinin 2026-cı il dünya çempionatındakı çıxışını başa vurduqdan dərhal sonra – iyul ayında imzalanacağı gözlənilir. Fransa Futbol Federasiyası qanunla müəyyən edilmiş limiti aşa biləcək əməkhaqqı məsələsini tənzimləməlidir.

Zidan bu vəzifədə 14 il milli komandaya rəhbərlik etmiş Didye Deşamı əvəz edəcək. Deşamın yığmadakı son oyunu İngiltərəyə qarşı üçüncü yer uğrunda keçiriləcək qarşılaşma olacaq.

Zinəddin Zidan Əlcəzair əsilli əfsanəvi fransız futbolçudur və Marseldə anadan olub. O, 1998, 2000 və 2003-cü illərdə FIFA tərəfindən dünyanın ən yaxşı futbolçusu seçilib, 1998-ci ildə isə “Qızıl top” mükafatına layiq görülüb. Fransa millisinin heyətində 1998-ci il dünya çempionatının və Avro-2000-in qalibi olub.

Məşqçi kimi Zidan iki dövrdə – 2016–2018 və 2019–2021-ci illərdə Madrid “Real”ına rəhbərlik edib. Onun ən böyük uğuru ardıcıl üç dəfə UEFA Çempionlar Liqasını (2016, 2017 və 2018) qazanmasıdır. Madrid klubundakı hər iki fəaliyyəti dövründə ümumilikdə 11 titul, o cümlədən İspaniya çempionluğu üzrə iki kubok qazanıb.

Bu təyinat Zidan üçün beş illik məşqçilik fasiləsindən sonra milli komandadakı ilk işi olacaq. Yeni baş məşqçi sentyabr ayında UEFA Millətlər Liqasında debüt edəcək və Fransa yığmasını Avro-2028-ə, eləcə də 2030-cu il dünya çempionatına hazırlayacaq.

Bu məqaləni paylaş