Az.shafaqna.com “Islam.ru”-ya istinadən xəbər verir ki, maddi imkanının yaxşı olmamasına baxmayaraq, 40 yaşlı müsəlman Muqbəl əl-Suheymi əl-Hubar şəhərindəki heyvanlar və quşları susuz qoymamaq və yemləmək üçün 40 ədəd meydança tikib.
Qeyd edək ki, adıçəkilən şəhər Səudiyyə Ərəbistanının şərq hissəsində yerləşir.
Hər bir sahə 2 min litr həcmli su çənləri ilə təmin edilib və bu, yerli heyvanlara öz susuzluqlarını yatırmağa imkan verir.
“Təşəbbüs bu ərazilərdə heyvanları yemləyən və onlara su verən sakinlər tərəfindən də müsbət qarşılanıb. Ərazinin təmiz qalması üçün həmçinin həmin su çənlərinin yanlarında zibil qabları da yerləşdirmişəm”, – deyə əl-Suheymi bildirib.
O əlavə edib ki, heyvanların su və yem ilə təmin edilməsi mərhəmət və şəfqətin mühüm təzahürlərindən biridir.
O, bu işlərin əvəzində Allah tərəfindən mükafatlandırılacağına və bağışlanacağına ümid etdiyini deyib.
Bəzi insanlar göyərçin kimi quşların ətrafın təmizliyinə təsir edəcəyindən narahat olsa da, əl-Suheymi bildirib ki, quşlar evlərdən uzaq dururlar və insanlara təsir etməyəcəklər.
“Bu quşların qorunması mənfi təsirlərdən daha mühümdür, üstəlik bu heyvanlar və quşların qorunmaları üçün sığınacaqları, həmçinin su və yem mənbələri yoxdur”, – deyə o qeyd edib.



