“Gürcü Arzusu” partiyasındakı daxili vəziyyət nə yerdədir?

Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, hakim “Gürcü Arzusu” partiyası birdir və ölkədə heç bir sabitlik pozuntusuna yol verməyəcək.

Bu barədə Gürcüstan parlamentinin sədri Arçil Talakvadze danışıb.

O, bu bəyanatı Gürcüstan baş naziri Giorgi Qaxariyanın istefasından sonra səsləndirib.

“Aydın şəkildə bəyan etmək istəyirəm ki, siyasi komanda birdir. Dövlət institutları fasiləsiz rejimdə öz funksiyalarını yerinə yetirməyə və bütün dövlət servislərini təqdim etməyə davam edəcək. Sözsüz, biz ölkədə heç bir fasiləyə, sabitliyin pozulması cəhdlərinə imkan verməyəcəyik. Bunun mühüm zamini məhz parlamentdir”, – deyə o qeyd edib.

Gürcüstan konstitusiyasına əsasən, baş nazirin səlahiyyətlərinə onun istefasından dərhal sonra xitam verilir, hökumət isə yeni baş nazir təyin edilənədək öz öhdəliklərini yerinə yetirməyə davam edir. Hökumət başçısının vəzifələrini isə onun birinci müavini yerinə yetirir..

Xatırladaq ki, hazırda bütün nazirlər vəzifə icraçılarıdır. Yeni baş nazir və onun təqdim edəcəyi hökumət tərkibinə etimad bildirmək üçün parlamentin 2 həftə vaxtı var.

Hökumətin etimad qazanması üçün azı 76 deputat dəstəyinə ehtiyacı var.

Bu məqaləni paylaş