Az.shafaqna.com RT-a istinadən xəbər verir ki, Rusiya, Türkiyə və İran birgə bəyanatla çıxış edərək Suriyanın İdlib əyalətində terrorçuların güclənməsi ilə bağlı öz narahatlıqlarını ifadə edib.
Adıçəkilən ölkələrin rəsmilərinin Soçidəki “Astana formatlı” görüşünün yekununa dair bəyanatda deyilir ki, tərəflər İdlib deeskalasiya zonasındakı vəziyyəti gözdən keçiriblər və İdlibə dair bütün mövcud sazişlərin tam yerinə yetirilməsi yolu ilə “quruda” sakitliyin təminatının zəruriliyini qeyd ediblər.
Onlar həmçinin “Həyat Təhrir əş-Şam” (əvvəlki adı “Nusra Cəbhəsi” – red.) terror qruplaşmasının və onunla bağlı digər terror təşkilatlarının mövcudluğunun və terror fəaliyyətinin aktivləşməsi ilə bağlı da ciddi narahatlıqlarını ifadə ediblər. Bildirilir ki, sözügedən terrorçuların fəaliyyəti İdlib deeskalasiya zonasının daxili və xaricində dinc insanlar üçün təhlükə mənbəyidir.
Tərəflər “terrorçuluğun bütün forma və təzahürlərində onunla mübarizə aparmaq və Suriyanın suverenliyinin və ərazi bütövlüyünün sarsıdılmasına yönəlmiş və qonşu ölkələrin milli təhlükəsizliyinə təhlükə yaradan separatçı planlarla mübarizə aparmağa” dair öz qərarlılıqlarını dilə gətiriblər.
