Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, Dövlət Tədbirləri Sarayında Gürcüstan DİN başçısı, Baş naziri müavini David Zalkaliani və ATƏT sədri, İsveç XİN başçısı Ann Linde arasında görüş baş tutub.
Görüş zamanı qeyd edilib ki, Rusiya-Gürcüstan münaqişəsinin yoluna qoyulmasında aktiv iştirak İsveçin ATƏT nümayəndəliyinin əsas prioritetlərindəndir.
Tərəflər həmçinin Gürcüstan torpaqlarının işğalının Gürcüstan və Qara dəniz regionu ilə yanaşı, həm də ümumilikdə Avropaya olan ciddi təsirlərinə də diqqət yetiriblər.
Zalkaliani Rusiyanın Abxaziya və Tsxinvali regionuna qarşı atdığı addımların ciddi nəticələrinə dair ATƏT sədrinə ətraflı məlumat verib.
Həmçinin işğalçı və qondarma rejimlər tərəfindən tutulmuş bütün Gürcüstan vətəndaşlarının dərhal azad edilməsinin təmin edilməsi ilə bağlı beynəlxalq ictimaiyyətin effektiv səylərinin böyük əhəmiyyətini də qeyd edib və dəstəyinə görə İsveç tərəfinə öz təşəkkürünü bildirib.
Diplomatların görüşü zamanı Gürcüstanın münaqişənin dinc yolla həlli siyasətinə qəti sadiqliyi vurğulanıb. Zalkaliani prosesdə iştirakına görə Lindeyə təşəkkür edib.
Qeyd edək ki, Ann Linde səfəri çərçivəsində işğal xətinin yaxınlığında yerləşən Xurvaleti kəndinə də səfər edəcək.