Az.shafaqna.com xəbər verir ki, 14 İyun 2026-cı ildə Gürcüstanda fəaliyyət göstərən “İmam Rza (ə) Təhsil Mərkəzi”nin tədris ilinin yekununa həsr olunmuş buraxılış tədbiri və məzuniyyət mərasimi baş tutub.
Qardabani şəhərindəki təşkil olunan tədbirdə din xadimləri, müxtəlif təhsil ocaqlarının rəhbərləri, müəllimlər və tələbələr iştirak ediblər.
Mərasimdə Bütün Gürcüstan Müsəlmanları İdarəsinin (BGMİ) Şeyxi Hacı Faiq Nəbiyev, İmam Rza Təhsil Mərkəzinin müdiri Hacı Əziz Nəbiyev, regional dini təhsil müəssisələrinin müdirləri Hacı Rahid Kərimov, Hacı Niyazi Əmirxanov, müəllimlər Dr. Bəşər Məmmədov, Altun Süleymanov və digər ustadlar, həmçinin Marneuli və Tbilisi üzrə xanım təhsil mərkəzlərinin rəhbərləri Esmira Nəsibova və Yeganə Hüseynova iştirak ediblər.
Tədbirə qonaq qismində Beynəlxalq “Əl Mustafa” Universitetinin nümayəndəsi Abbas Yusifnejad da qatılıb.
Tədbir çərçivəsində çıxış edən natiqlər məzunları təbrik edərək, onlara gələcək fəaliyyətlərində və elmi yaradıcılıqlarında uğurlar arzulayıblar. Bildirilib ki, bölgədəki mənəvi dəyərlərin qorunmasında və savadlı gəncliyin yetişməsində bu növ təhsil ocaqlarının rolu böyükdür.
Daha sonra tələbələrin hazırladıqları proqramlar təqdim olunub və məzunlara müvəffəqiyyət sertifikatları təqdim edilib. Mərasim xatirə fotosunun çəkdirilməsi ilə başa çatıb.
Eyni zamanda təhsil müəssisələri arasında futbol yarışının qalibləri elan olunaraq mükafatlandırılıb.
Bu məqaləni paylaş















