Az.shafaqna.com “Bloknot Volqoqrad”-a istinadən xəbər verir ki, Rusiyanın Volqoqrad şəhərində yerləşən tarixi məscidin binası hazırda “дом.рф” portalında satışa çıxarılmış binalar siyahısındadır.

5 binadan ibarət və sahəsi 1100 kvadrat metrdən çox olan kompleksin satışı üzrə hərracın cari ilin birinci kvartalında keçiriləcəyi planlaşdırılır.

Şəhərin müsəlman icmasının fürsətdən istifadə edərək tarixi məscidi alıb-almayacağı isə hələ məlum deyil. Volqoqrad vilayəti müsəlmanlarının sədri İlyar Biktimirov bildirib ki, “əlbəttə, bu, müsəlmanların mülküdür, lakin vaxtından öncə heç nə bəyan etməyəcəyik” və əlavə edib ki, Rusiyanın baş müftisi ilə bu barədə məsləhətləşəcək.

Xatırladaq ki, hələ 2017-ci ildə yerli müsəlman icması nümayəndələri Volqoqrad vilayətinin qubernatoruna müraciət edərək kompleksin onlara verilməsini xahiş ediblər. O zaman tarixi məscid ərazisində tatar tarixi, mədəniyyəti və İslam dininin tədqiqi mərkəzinin təşkili planlaşdırılırdı. Lakin xahiş yerinə yetirilmədi.

Qeyd edək ki, sözügedən məscidin inşası 1870-ci ildə başa çatıb. SSRİ vaxtı binadan klub kimi istifadə edilib, müharibədən sonra isə orada hərbi komissarlıq fəaliyyət göstərib. Mədəni irs siyahısına daxil edilmiş tarixi məscid ərazisi hazırda boş qalıb.

Əvvəlki məqaləAzərbaycanda qızıl və gümüş bahalaşır
Növbəti məqalədəİlham Əliyev müharibə zamanı İndoneziyanın Azərbaycana dəstəyindən danışdı