Rusiyada ən böyük günbəzli məscid inşa edilir

Rusiya Federasiyası Çeçenistan Respublkasının paytaxtı Qroznı şəhərində yeni məscid inşa edilir.

Az.shafaqna.com xəbər verir ki, tikinti başa çatdıqdan sonra həmin məscid MDB ölkələri arasında sahəsinə görə ən böyük günbəzə malik olacaq.

Günbəzin sahəsi 15 250 kvadratmetr, diametri isə 70 metr təşkil edəcək.

Yeni dini kompleksin binası daxilində eyni anda 6 mindən çox müsəlman ibadət edə biləcək. Ətraf ərazi də nəzərə alındıqda, məscid eyni vaxtda 30 min nəfərə qədər insanı qəbul edə biləcək.

Məscidin memarlıq quruluşu altı minarə və mərkəzi günbəzdən ibarət olacaq. Bununla da kompleks postsovet məkanında altı minarəyə malik iki məsciddən biri olacaq. Digər belə məscid Tatarıstan Respublikasının paytaxtı Qazan şəhərində yerləşən Qul Şərif Məscididir.

Yeni məscidin fasadları və minarələri bazalt əsas üzərində ağ mərmərlə üzlənəcək ki, bu da tikiliyə həm əzəmət, həm də uzunömürlülük qazandıracaq.

Eyni zamanda rayonda sahəsi 3 min kvadratmetrdən çox olan daha bir məscid də tikilir. Dörd ədəd 63 metrlik minarəyə malik olacaq bu məscid 5 min nəfərlik ibadətçi tutumuna hesablanıb.

Bu məqaləni paylaş