Özbəkistanda qədim tibb sirri: 4000 illik kəllə sümüyü tapıldı

Özbəkistanın cənubunda aparılan qazıntılar zamanı arxeoloqlar bəşəriyyətin ilkin tibbi biliklərinə işıq salan nadir bir tapıntı ilə qarşılaşıblar. “Arkeonyus” (Arkeonews) portalının ötürdüyü və “Az.shafaqna.com”ın yaydığı məlumata görə, bölgədə təqribən 4000 il əvvəl kəllə sümüyünün deşilməsi (trepanasiya) əməliyyatına məruz qalmış azyaşlı uşağın qalıqları aşkarlanıb. Bu tapıntı regionda sözügedən tibbi müdaxilənin ən qədim sübutu kimi tarixə düşə bilər.

Sözügedən tarixi qalıqlar Tunc dövrünün mühüm mərkəzlərindən sayılan qədim Carkutan məskənində tapılıb. Eyni qəbirdə biri 3, digəri isə 5 yaşında olan iki uşağın cəsədi dəfn edilib və cərrahiyyə izləri məhz böyük uşağın kəlləsində qeydə alınıb.

Tarixən trepanasiya üsulundan şiddətli baş ağrıları, travmalar və epilepsiya kimi xəstəliklərin müalicəsində istifadə olunub. Lakin Tunc dövründə bu prosesin həm də dini-ritual məqsədlər daşıdığı ehtimal edilir. Mütəxəssislər bildirirlər ki, eramızdan əvvəl III minilliyin sonlarında bu yaşda bir uşağın üzərində belə ağır əməliyyatın aparılması olduqca qeyri-adi hadisədir. Bu, qədim Carkutan sakinlərinin insan anatomiyasını dərindən bildiklərini göstərir.

Uşağın hansı səbəbdən əməliyyat edildiyi hələlik dəqiq bilinmir; lakin tibbi zərurət və ya ritual ayinlər əsas versiyalar arasındadır. Alimlər gələcək analizlərin bu sirri açacağına və Tunc dövrü insanlarının tibbi bacarıqları barədə daha dəqiq məlumat verəcəyinə inanırlar.

Bu məqaləni paylaş