ABŞ 60 ölkəyə qarşı yeni sanksiyalar hazırlayır!

ABŞ administrasiyası 60 dövlətə qarşı yeni idxal rüsumları tətbiq etmək niyyətindədir.

Az.shafaqna.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Məlumata görə, Vaşinqton bu addımı həmin ölkələrin məcburi əməkdən istifadəyə qarşı kifayət qədər mübarizə aparmaması ilə əsaslandırır. ABŞ rəsmiləri hesab edirlər ki, mövcud vəziyyət yerli istehsalçılar üçün ədalətsiz rəqabət mühiti yaradır.

Müvafiq təklif artıq ABŞ-nin Ticarət Nümayəndəliyinin Ofisi tərəfindən hazırlanıb. Yeni layihəyə əsasən, Kanada, Meksika və Avropa İttifaqı ölkələri də daxil olmaqla 15 dövlət üçün rüsumun miqdarı 10% təşkil edə bilər. Barəsində araşdırma aparılan qalan 45 ölkə üçün isə bu göstəricinin 12.5%-ə qədər artırılması gözlənilir.

ABŞ-nin ticarət nümayəndəsi Ceymison Qrir idxalla bağlı yaranmış hazırkı vəziyyətin Amerika üçün qəbuledilməz olduğunu bildirib. O qeyd edib ki, məhz bu səbəbdən amerikalı işçilər dünya bazarında qeyri-bərabər şərtlərlə rəqabət aparmaq məcburiyyətində qalırlar. Qurum həmçinin toxuculuq məhsullarının daha aşağı dərəcələrlə idxal edilməsi üçün xüsusi mexanizm təklif etsə də, bunun təfərrüatı hələlik açıqlanmayıb.

Yeni qaydalardan bəzi məhsullar kənarda qalacaq. Belə ki, enerjidaşıyıcıları, metallar, mal əti, qəhvə və dərman vasitələri bu rüsumlardan azad ediləcək.

Məsələ ilə bağlı ictimai dinləmələr iyul ayının 7-nə təyin olunub. Vətəndaşlar mövzu ilə bağlı rəy və təkliflərini iyulun 6-dək təqdim edə bilərlər.

Bu məqaləni paylaş