Az.shafaqna.com xəbər verir ki, Almaniyanın ən böyük elektronika və texnologiya istehsalçılarından olan “Bosch” konserni İsraildəki bütün süni intellekt (AI) layihələrini ləğv edərək, bu ölkədəki strateji elmi-tədqiqat (R&D) mərkəzini tamamilə bağlamaq qərarı alıb.
Almaniyanın nüfuzlu “Handelsblatt” iqtisadi nəşrinin yaydığı bu xəbər qlobal bazarlarda ciddi rezonans doğurub.
Məlumata görə, Hayfa və Tel-Əvivdə yerləşən mərkəzlərin fəaliyyətinə cari ayın sonunadək tamamilə xitam veriləcək. Şirkət rəhbərliyi hər nə qədər bu addımın “qlobal ixtisarlar və qənaət tədbirləri” çərçivəsində atıldığını iddia etsə də, ekspertlər pərdəarxası məqamlara diqqət çəkirlər.
100 ildən artıq tarixi olan və qlobal böhranlarda belə xaricdəki filiallarını heç vaxt bağlamayan “Bosch”, tarixində ilk dəfə məhz İsraili tərk edir. Alman nəhənginin bu addımı, qlobal böyük biznesin artıq İsrail reallığını “idarəolunmaz risk” olaraq qəbul etdiyinin və kapitalların bu ölkədən kütləvi şəkildə qaçmağa başladığının ilk rəsmi siqnalı kimi qiymətləndirilir.
Nəşr vurğulayır ki, 2023-cü ilin oktyabrından bəri davam edən regional münaqişələr və geosiyasi təzyiqlər səbəbindən vaxtilə “Startap ölkəsi” kimi tanınan İsrailin yüksək texnologiya (high-tech) sektoruna qoyulan xarici investisiyalar son 8 ilin ən aşağı səviyyəsinə düşüb.
“Bosch”un bu qəfil gedişinin digər qərb nəhəngləri üçün də bir domino effekti yaradacağı gözlənilir.
