Az.shafaqna.com xəbər verir ki, İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Məktubda İran və Azərbaycan xalqlarının çoxsaylı ortaq tarixi, sivilizasiya, mədəniyyət, din və dil bağlarına malik olduğu vurğulanıb. İran Prezidenti qeyd edib ki, bu müştərək dəyərlər iki ölkə xalqları arasındakı dostluğu daha da möhkəmləndirib və sarsılmaz edib. Şübhəsiz ki, bu qırılmaz bağlar ölkələr arasındakı münasibətlərin inkişafı üçün möhkəm zəmin rolunu oynayır.
Məsud Pezeşkian rəsmi məktubunda Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra İranın hər zaman ikitərəfli əlaqələrin inkişafını dəstəklədiyini diqqətə çatdırıb:
“Biz şadıq ki, xalqlarımızın istək və arzularına uyğun olaraq bu gün ölkələrimiz arasındakı münasibətlərdə dinamik prosesin şahidiyik. Ümidvaram ki, ikitərəfli, regional və beynəlxalq mövzuların geniş spektrini əhatə edən bu dinamik proses daha yüksək sürətlə davam edəcəkdir.”
Məktubun sonunda İran İslam Respublikasının Prezidenti Uca Allahdan Prezident İlham Əliyevə möhkəm cansağlığı və müvəffəqiyyətlər, Azərbaycan xalqına isə rifah və əmin-amanlıq arzulayıb.
