Pakistanda yanacaq və enerji qiymətlərinin bahalaşması fonunda paytaxt İslamabadda mağaza və ticarət obyektlərinin fəaliyyət müddətinə məhdudiyyət qoyulub. “Az.shafaqna.com “un məlumatına görə, şəhər rəhbərliyi bununla bağlı rəsmi sosial şəbəkə platformalarında məlumat paylaşıb.
Yeni qaydalara əsasən, işıq puluna qənaət etmək məqsədilə İslamabaddakı bütün ticarət mərkəzləri, bazarlar və qeyri-ərzaq satışı məntəqələri axşam saat 20:00-da qapılarını bağlamalıdır. Qida sektorunda fəaliyyət göstərən restoran, kafe, çörək sexləri və ərzaq dükanlarına isə saat 22:00-dək icazə verilib.
Bununla belə, həyati əhəmiyyət kəsb edən tibb müəssisələri, apteklər, yanacaqdoldurma məntəqələri, çağrı operatorları və xaricə xidmət göstərən informasiya texnologiyaları (İT) şirkətləri bu qadağadan kənarda saxlanılıb. Yerli mətbuatın yazdığına görə, paytaxtda ticarət obyektlərinin adətən gecə gec saatlaradək işləməsinə öyrəşən iş adamları və sakinlər iyunun 1-dən qüvvəyə minən bu yeni qərarı birmənalı qarşılamayıblar.
