Az.shafaqna.com xəbər verir ki, İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) Oman körfəzində ABŞ və İsrail ilə əlaqəli olan “MSC Sariska” ticarət gəmisinə kruiz raketi ilə zərbə endirdiyini açıqlayıb.
SEPAH-ın İctimaiyyətlə Əlaqələr Bölməsinin yaydığı rəsmi bəyanatda bildirilir ki, bu addım daha əvvəl İranın “Lian Star” gəmisinə edilən hücuma cavab xarakteri daşıyır. Tehran administrasiyası “Lian Star” gəmisinin Oman körfəzində birbaşa ABŞ ordusu tərəfindən hədəf alındığını iddia edir.
Məlumata görə, ABŞ-ın hücumuna reaksiya olaraq SEPAH-ın Hərbi Dəniz Qüvvələri dərhal cavab əməliyyatına başlayıb və Vaşinqton-Təl-Əviv oxu ilə bağlılığı olan yük gəmisini raket zərbəsi ilə sıradan çıxarıb.
İran İnqilab Keşikçiləri Korpusu bəyanatın sonunda bölgədəki gərginliyə toxunaraq xəbərdarlıq edib: ABŞ qüvvələrinin regionda törədə biləcəyi hər hansı yeni təxribat və ya hücum cəhdlərinə İran tərəfindən daha kəskin və qətiyyətli cavab veriləcək.
