Polşa qanunvericiliyində nikahdankənar münasibətlərin, eləcə də eynicinsli cütlüklərin leqallaşdırılması istiqamətində mühüm addım atılıb. Ölkə parlamentinin aşağı palatası sayılan Seym, rəsmi nikahda olmayan şəxslərin birgəyaşayışına hüquqi status qazandıracaq “Ən yaxın şəxsin statusu haqqında” qanun layihəsini təsdiqləyib.
“Az.shafaqna.com” TASS-a istinadənxəbər verir ki, parlament tərəfindən qəbul edilən bu sənəd növbəti mərhələdə yuxarı palataya (Senata) göndəriləcək, daha sonra isə yekun təsdiq üçün dövlət başçısı Karol Navrotskiyə təqdim olunacaq.
Lakin qanunun icrasında dövlət səviyyəsində müəyyən maneələr yarana bilər. Prezident administrasiyasının rəhbəri Pavel Şefernakerin sözlərinə görə, ölkə rəhbəri mövcud hakim koalisiyanın rəsmi nikahla partnyorluq əlaqələrini eyniləşdirən bu addımını müsbət qarşılamır. Buna baxmayaraq, prezidentin ofisindən o da qeyd olunub ki, dövlət başçısı bu cür ittifaqda olan tərəflərin hüquqlarının yalnız notarial qaydada rəsmiləşdirilən xüsusi status çərçivəsində tənzimlənməsinə qarşı deyil.
Sözügedən qanun layihəsi hakimiyyətdə təmsil olunan “Solçular” fraksiyası ilə Polşa Kəndli Partiyasının ortaq razılığı əsasında ərsəyə gəlib. Bu kompromis variantına görə, nikahdankənar birgəyaşayış münasibətləri vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbələrində deyil, sırf notarius idarələrində təsdiq edilməlidir.
Xatırladaq ki, Polşanın ana qanununa (Konstitusiyasına) əsasən, nikah ittifaqı yalnız bir kişi və bir qadının ortaq birliyi kimi qəbul olunur.
