Hindistanda polisin böyük diqqətsizliyi ucbatından maraqlı və bir o qədər də dramatik hadisə baş verib. Hüquq-mühafizə orqanları 26 yaşlı gənc qadının öldürüldüyünü zənn edərək onun ailə üzvlərini həbs etsə də, “mərhum”un sağ-salamat şöbəyə gəlməsi hər şeyi alt-üst edib.
“Az.shafaqna.com” (NDTV) telekanalının yaydığı məlumata əsasən, Şivani Kalmekar adlı qadın ötən ayın aprelində Madhya-Pradeş ştatında qəfildən yoxa çıxıb. May ayının ilk günlərində isə qonşu Maharaştra ştatının asayiş keşikçiləri bir su bəndinin yaxınlığında tanınmaz halda olan — başı kəsilmiş və yandırılmış qadın meyiti tapıblar.
Polis əməkdaşları heç bir genetik ekspertiza (DNT analizi) aparmadan, cəsədin Şivaniyə məxsus olduğunu irəli sürüblər. Bu iddia əsasında itkin düşən qadının atası və qardaşı cinayətdə ittiham olunaraq barmaqlıqlar arxasına göndərilib.
Lakin mayın 28-də gözlənilməz dönüş yaranıb. “Öldüyü” iddia edilən Şivani öz ayağı ilə polisə gələrək hər kəsi şoka salıb və ailəsini azadlığa qovuşdurub. Məlum olub ki, gənc qadın əslində heç bir zərər çəkməyib, sadəcə bu müddət ərzində fhlə işləyən sevgilisinin yanında qalırmış.
Məsələ ilə bağlı açıqlama verən Şivani: “Mən sağam və hər şey qaydasındadır. Atamla qardaşımın heç bir günahı yoxdur, onları dərhal buraxmaq lazımdır” — deyərək doğmalarının günahsızlığını təsdiqləyib.
Vəzifə borcuna biganə yanaşan və böyük səhvə yol verən polis əməkdaşları barəsində isə artıq daxili təhqiqat başladılıb.
