Az.shafaqna.com xəbər verir ki, Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ölkə hüdudlarından kənara casusluq etməkdə ittiham olunan ikinci Gürcüstan vətəndaşının saxlanıldığını bəyan edib.
Yerli medianın məlumatına görə, həbs olunan şəxslər tanınmış jurnalist İrakli Çixladze və rusiyayönümlü fəal Qulbaat Rtsixladzedir.
Gürcüstan DTX-nin rəsmi açıqlamasında bildirilir ki, hər iki şəxs uzun illər boyu konspirativ metodlardan və şifrəli rabitə vasitələrindən istifadə edərək xarici xüsusi xidmət orqanları ilə sistematik əlaqədə olublar. Saxlanılan şəxslərin hansı dövlətlərə kəşfiyyat məlumatları ötürdüyü hələlik rəsmən açıqlanmır. Fəaliyyətlər Gürcüstan Cinayət Məcəlləsinin 314-cü (casusluq) maddəsi ilə araşdırılır. Bu maddə 8 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Müttəhimlərin və onların vəkillərinin mövqeyi barədə hələlik məlumat verilmir.
Saxlanılan şəxslər kimlərdir və istintaq nə deyir?
İrakli Çixladze “Qafqaz İnsan Haqları İnstitutu”nun və “Qafqaz Vətəndaş Dinləmələri Mərkəzi”nin təsisçisi və rəhbəridir. O, regional münaqişələrin nizamlanması mövzusunda təşkil etdiyi ictimai müzakirələrlə tanınır. Çixladze, həmçinin 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsi zamanı Rusiya ordusu tərəfindən öldürülən jurnalist Giqa Çixladzenin qardaşıdır.

İstintaqın iddiasına görə, İ.Çixladze jurnalist və ekspert dairələrindəki əlaqələrindən istifadə edərək Gürcüstanın daxili siyasi-iqtisadi prosesləri, habelə hüquq-mühafizə və güc strukturları barədə məlumatlar toplayıb. O, onlayn vətəndaş platforması pərdəsi altında kəşfiyyat şəbəkəsinə rəhbərlik etməkdə, xaricdən gələn maliyyəni bölüşdürməkdə və tapşırıqları koordinasiya etməkdə ittiham olunur.
Qulbaat Rtsixladze rusiyayönümlü “Avrasiya İnstitutu”nun rəhbəridir. Onun adı əvvəllər də Kremlin Gürcüstandakı fəaliyyətlərini araşdıran media hesabatlarında keçib. O, həmçinin bu yaxınlarda yaradılmış “Rusofobiyanın Monitorinqi Şurası”nın təşəbbüskarlarından biridir.

DTX-nin məlumatına görə, Q.Rtsixladze eyni vaxtda iki xarici dövlətin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edərək paralel kəşfiyyat fəaliyyəti həyata keçirib. Maddi qazanc müqabilində dövlət əhəmiyyətli məlumatlar ötürən Rtsixladzenin, xarici kəşfiyyatın maliyyəsi ilə ölkə daxilində müxtəlif platformalar yaratdığı və tədbirlər təşkil etdiyi bildirilir.
