Gürcüstanda casusluq ittihamı ilə bir nəfər saxlanıldı – VİDEO

Az.shafaqna.com xəbər verir ki, Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin əks-kəşfiyyat departamentinin əməkdaşları casusluq ittihamı ilə Gürcüstan vətəndaşını saxlayıblar.

Bu barədə Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətində keçirilən brifinqdə məlumat verilib.

Gürcüstan DTX-nin məlumatına görə, saxlanılan şəxs iki xarici ölkənin xüsusi xidmət orqanları ilə əlaqədə olub və o, qeyri-hökumət təşkilatlarından birinin təsisçisi kimi fəaliyyət göstərib, müxtəlif informasiya platformaları yaradıb və tədbirlərin təşkilini həyata keçirib.

İstintaqla müəyyən edilib ki, həmin şəxs illər ərzində maddi qazanc əldə etmək və xarici ölkələrin maraqlarını həyata keçirmək məqsədilə sistemli şəkildə xarici xüsusi xidmət orqanları üçün kəşfiyyat xarakterli məlumatlar toplayaraq ötürüb.

Bildirilib ki, saxlanılan şəxs xarici xüsusi xidmət orqanlarının nümayəndələri ilə yüksək səviyyədə təşkil olunmuş konspirativ və mütəmadi əlaqələr saxlayıb. Məlumatların ötürülməsi həm şəxsi görüşlər, həm də elektron vasitələrlə həyata keçirilib. Eyni zamanda, konspirasiya qaydalarının qorunması və təlimatlandırma məqsədilə görüşlər mütəmadi olaraq ölkə xaricində də keçirilib.

Gürcüstan DTX-nin açıqlamasına görə, casusluqda ittiham olunan şəxs xarici xüsusi xidmət orqanlarının tapşırığı və maliyyəsi ilə informasiya platformaları yaradıb və ölkə üzrə müxtəlif tədbirlərin təşkilini həyata keçirib.

Qeyd olunub ki, həmin şəxs eyni zamanda iki fərqli xarici dövlətin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edib və paralel kəşfiyyat fəaliyyəti aparıb.

Fakt üzrə istintaq Gürcüstan Cinayət Məcəlləsinin 314-cü maddəsinin birinci hissəsi üzrə aparılır və bu maddə 8 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

Bu məqaləni paylaş