Şuşa rayonunun Böyük Qaladərəsi kəndində bərpa-quruculuq işlərinin ilk mərhələsi çərçivəsində 17 fərdi yaşayış evi yenidən qurulub.
Az.shafaqna.com-un Qarabağ bürosunun məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin aparıcı məsləhətçisi İsmayıl İsmayılov deyib.
Onun sözlərinə görə, kənddə əhalinin yaşayışı üçün zəruri infrastrukturun yaradılması istiqamətində genişmiqyaslı işlər həyata keçirilir:
“Kənd 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub, 2023-cü ildə isə Azərbaycan Ordusunun keçirdiyi antiterror tədbirləri nəticəsində azad edilib. Əraziyə yeni transformator quraşdırılıb, elektrik xətləri çəkilib və mövcud şəbəkə yenilənib. İlk mərhələdə istifadəyə veriləcək evlər sayğaclarla təmin olunub. Eyni zamanda kəndə yeni qaz xətti çəkilib, qaz sayğaclarının quraşdırılmasına başlanılıb. İçməli su təminatının yaxşılaşdırılması məqsədilə paylayıcı su xətləri çəkilib və sayğaclar quraşdırılıb. Hazırda rabitə infrastrukturu üzrə işlər davam etdirilir”.
