İlham Əliyev Slovakiya Baş nazirinin müavinini qəbul edib

Az.shafaqna.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da Slovakiya Respublikasının Baş nazirinin müavini, ətraf mühit naziri Tomaş Tarabanı qəbul edib.

İlham Əliyev özünün ötən il Slovakiyaya, Baş nazir Robert Fitsonun isə ölkəmizə səfərlərini xatırladaraq, son dövrlərdə Slovakiyadan yüksəksəviyyəli nümayəndə heyətlərinin Azərbaycana gəldiklərini qeyd etdi və vurğuladı ki, bu, iki ölkə arasında fəal əməkdaşlığın həyata keçirildiyini göstərir.

Prezident İlham Əliyev Azərbaycanla Slovakiya arasında mövcud dostluğu və tərəfdaşlığı yüksək qiymətləndirərək, əməkdaşlığın səviyyəsindən məmnun olduğunu bildirib.

Qonaqpərvərliyə görə minnətdarlığını bildirən Tomaş Taraba qeyd etdi ki, Slovakiya hər zaman Azərbaycanın yanındadır. O, ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü daim dəstəklədiyini vurğulayıb.

Slovakiya Baş nazirinin müavini dedi ki, ölkəsinə qaz lazım olduqda Azərbaycan etibarlı təchizatçı olub.

Tomaş Taraba Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının Azərbaycanda keçirilməsinin önəminə də toxunub.

Xoş sözlərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev hazırda Azərbaycanın 12 Avropa ölkəsini, o cümlədən Avropa İttifaqının 10 üzv dövlətini qazla təchiz etdiyini deyərək, gələcəkdə bu rəqəmin artmasının mümkünlüyünü vurğulayıb.

Görüşdə ikitərəfli münasibətlərimizin strateji tərəfdaşlıq xarakteri daşıdığı qeyd edilərək, əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Bu məqaləni paylaş