Finlandiyanın şərq bölgəsində beş yaşlı uşaqların oyunu unikal bir tarixi kəşflə nəticələnib. Onlar təsadüfən Daş dövrünə aid olduqca qiymətli əşyalar tapıblar. “Az.shafaqna.com”un verdiyi xəbərə görə, bu barədə Finlandiyanın “Üle” (Yle) dövlət teleradio şirkəti məlumat yayıb.
Verilən məlumata görə, azyaşlılar suyu çəkilmiş gölün kənarında qeyri-adi görünüşə malik iki daş parçasına rast gəliblər. Uşaqlardan birinin anası bu əşyaların tarixi əhəmiyyətini fərq edərək onları Kainuu regional muzeyinə aparıb.
Muzeyin arxeologiya üzrə mütəxəssisi Youni Vaananen vurğulayıb ki, bu qədər qədim dövrə aid nümunələrin tapılması çox nadir bir hadisədir. İlkin təxminlərə görə, tapılan daşlardan biri iti alətlər düzəltmək üçün istifadə olunan itiləmə aləti, digəri isə dördbucaqlı formaya malik qədim daş baltanın kəsici hissəsidir (tiyəsidir).
Hazırda bu qədim eksponatlar müvəqqəti olaraq Kainuu muzeyində mühafizə olunur. Onların yay ayları ərzində xüsusi şüşə vitrinlərdə ziyarətçilərə nümayiş etdirilməsi nəzərdə tutulub. Sərgi müddəti bitdikdən sonra isə tapıntılar araşdırılmaq üçün Finlandiyanın Mədəni İrs Agentliyinə göndəriləcək.
Mütəxəssislər bildirirlər ki, bu tarixi əşyaların üzə çıxmasına səbəb cari yaz fəslində ölkədəki göllərin su səviyyəsinin kəskin şəkildə aşağı enməsidir. Suyun çəkilməsi nəticəsində əvvəllər suyun altında qalan sahələr və çox qədim torpaq qatları görünən olub.
