Cibimizdəki təhlükə: Ağıllı telefonlar doğum faizini necə aşağı salır?

Dünyanın bir çox ölkəsində smartfon istifadəsinin kütləviləşməsi doğum faizinin aşağı düşməsinin əsas səbəblərindən biri kimi göstərilir. Az.shafaqna.com xəbər verir ki, “Faynenşl Tayms” (Financial Times) qəzetinin əməkdaşları fərqli regionlarda mobil cihazların yayılma dinamikasını analiz etdikdən sonra bu qənaətə gəliblər.

Araşdırmaya əsasən, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya və Avstraliyada gənc nəsil arasında uşaq dünyaya gətirmə göstəriciləri 2007-ci ildən başlayaraq sürətlə azalıb. Eyni vəziyyət 2009-cu ildə Fransa və Polşada, təxminən 2012-ci ildən etibarən isə Meksika, Mərakeş və İndoneziyada müşahidə olunmağa başlayıb. Təhlillər sübut edir ki, bu geriləmə smartfon bazarının böyüməsi və “Quql” (Google) üzərindən mobil proqramların axtarış statistikalarının pik həddə çatması ilə eyni dövrə təsadüf edir.

Demoqrafiya üzrə mütəxəssis Layman Stoun vəziyyəti şərh edərək bildirib ki, insanların canlı ünsiyyətdən uzaqlaşması partnyor tapmağı və nikaha daxil olmağı çətinləşdirir.

Məqalədə vurğulanır ki, “İnstagram” kimi platformalar gənclərin qarşı tərəfdən gözləntilərini dəyişir və xəyali standartlar formalaşdırır. Virtual dünyanın diktə etdiyi həyat tərzi və dəyərlər sistemi stabil, ciddi əlaqələrin qurulmasına maneə yaradır.

Tədqiqat zamanı üzə çıxan digər bir məqam isə ali təhsili olmayan gənclər arasında dünyagörüşü və ideoloji ayrılıqların dərinləşməsidir. Bu faktor da insanların cütlük formalaşdırmasının qarşısını kəsir və nəticədə doğum sayına mənfi təsir edir.

Sonda qeyd olunur ki, demoqrafik azalmaya təsir edən yeganə amil texnologiya deyil. Ev təminatı ilə bağlı yaranan çətinliklər və ali təhsil alan qadınların sayının getdikcə çoxalması da uşaq sahibi olmaq qərarlarını təxirə salan digər vacib səbəblər sırasındadır.

Bu məqaləni paylaş