Netanyahu sirri açdı: İrandan xəyanatkarlara mesaj

İsrail baş naziri Binyamin Netanyahu İrana qarşı aparılan müharibə zamanı gizli şəkildə Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edib və burada ölkə prezidenti Məhəmməd bin Zayed Əl-Nəhyan ilə görüşüb.

Az.shafaqna.com xəbər verir ki, bu barədə Netanyahunun ofisi məlumat yayıb.

İsrail tərəfi Netanyahu ilə Şeyx bin Zayed arasındakı görüşün “tarixi irəliləyişə” səbəb olduğunu deyib.

Lakin qısa müddət sonra BƏƏ Xarici İşlər Nazirliyi İsrailin bu səfərlə bağlı iddialarının “tamamilə əsassız” olduğunu bildirib.

Xatırladaq ki, daha öncə ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi etiraf etmişdi ki, müharibə zamanı İsrail BƏƏ-yə HHM sistemləri və İsrail hərbçilərini yollayıb.

Mediada yayılan məlumatlara əsasən, bir sıra Körfəz ölkələri, o cümlədən BƏƏ də İrana hücumlardan birbaşa iştirak edib və öz qırıcıları ilə İran ərazisinə zərbələr endirib.

Qeyd edək ki, İran tərəfi Netanyahunun BƏƏ-yə gizli səfərinin üzə çıxmasının fonunda bəyan edib ki, “gizli şəkildə xəyanət edən şəxs mütləq rəzil və rüsvay olur”. Rəsmi Tehran müharibə zamanı ABŞ və İsraillə eyni cərgədə yer alan bəzi ərəb ölkələrini sərt tənqid edib və həmin ölkələrin öz torpaqlarını və hava məkanlarını İrana qarşı zərbələr üçün ABŞ və İsrailə təqdim etdiyi və İranın əlində bununla bağlı sübutların olduğunu elan edib.

Bu məqaləni paylaş