Kubada yanacaq ehtiyatlarının tamamilə sıfırlanması ölkə daxilində işıqların uzunmüddətli sönməsinə gətirib çıxarıb.
Az.shafaqna.com xəbər verir ki, bu kritik vəziyyət barədə ölkənin energetika və dağ-mədən sənayesi naziri Visente de la O Levi danışıb.
Nazir etiraf edib ki, hazırda ölkədə nə mazut, nə də dizel yanacağı qalıb. Onun sözlərinə görə, dövlət hazırda yalnız yerli imkanlar hesabına — öz yataqlarından əldə edilən səmt qazı və daxili hasilat sayəsində ayaqda durmağa çalışır.
Məlum olub ki, ötən ilin dekabrından bəri xaricdən yanacaq idxalı dayanıb. Yalnız aprel ayında Rusiyadan yardım məqsədilə göndərilən 100 min tonluq neft partiyası vəziyyəti bir qədər yumşaltmağa kömək etsə də, bu ehtiyatlar da mayın əvvəlinə qədər artıq istifadə edilib bitib.
Yaranmış mürəkkəb durumdan çıxış yolu kimi rəsmi Havana alternativ enerji mənbələrinə yönəlməyi planlaşdırır. Energetika naziri qeyd edib ki, hökumət artıq günəş enerjisindən istifadəni genişləndirmək, enerjini saxlamaq üçün yeni sistemlər qurmaq və yerli neft-qaz sənayesini inkişaf etdirmək strategiyasına üstünlük verir.
