İlham Əliyev Slovakiya Milli Şurasının sədrini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 13-də Slovakiya Respublikası Milli Şurasının sədri Rixard Raşinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Az.shafaqna.com xəbər verir ki, mxtəlif sahələri əhatə edən əməkdaşlığımızın inkişafını vurğulayan İlham Əliyev qarşılıqlı hörmətə, dostluğa və tərəfdaşlığa əsaslanan ikitərəfli əlaqələrin genişlənməsində parlamentləri arasındakı münasibətlərin roluna toxundu.

Prezident İlham Əliyev Rixard Raşinin böyük nümayəndə heyəti ilə Azərbaycana səfərə gəlməsinin önəmini qeyd edərək, bildirdi ki, bu, tərəfdaşlığın daha bir göstəricisidir.

Rixard Raşi Azərbaycanla Ermənistan arasında sülh gündəliyi ilə əlaqədar əldə olunmuş nailiyyətlər münasibətilə təbrik etdi.

Prezident İlham Əliyev sülhün gücləndirilməsi üçün Azərbaycan tərəfindən görülən tədbirlərdən danışdı, Azərbaycandan Ermənistana neft məhsullarının ixracı da daxil olmaqla ölkələr arasında ticarət münasibətlərinin yaradıldığını dedi.

Söhbət zamanı Azərbaycanla Slovakiya arasında strateji tərəfdaşlıq münasibətlərinin qurulduğu vurğulanaraq, siyasi əlaqələrin yüksək səviyyədə olduğu qeyd edildi.

Görüşdə beynəlxalq parlamentlərarası təsisatlar çərçivəsində əməkdaşlıq müzakirə olundu, iqtisadi-ticari, enerji, müdafiə sənayesi, təhsil, humanitar, müasir texnologiyalar, mədəniyyət, idman, turizm və digər sahələrdə əlaqələrin genişləndirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparıldı.

Tezliklə Bakı ilə Bratislava arasında birbaşa uçuşların həyata keçiriləcəyi bildirilərək, bunun turizm və insanlararası təmasların genişlənməsinə töhfə verəcəyi qeyd olundu

Bu məqaləni paylaş