Xəzər dənizinin şimal hissəsində aparılan araşdırmalar dəniz səviyyəsinin azalmaqda davam etdiyini göstərib. Son illərdə bəzi adaların sahəsi iki-üç dəfə böyüyüb.
Az.sahfaqna.com xəbər verir ki, bu barədə P.P.Şırşov adına Okeanologiya İnstitutu məlumat yayıb.
Araşdırma zamanı həm mövcud, həm də yeni yaranan adalarda sahil xətlərinin genişləndiyi müəyyən edilib. Bildirilir ki, Çistoy Banki adasının sahəsi 2019-cu illə müqayisədə iki dəfə artıb. Buna səbəb Xəzərin səviyyəsinin enməsi və adanın ətrafındakı yeni dayaz sahələrin üzə çıxmasıdır.
Eyni zamanda, Tbilisi bankının yerində yaranmış adanın da sürətlə böyüdüyü qeyd olunur. Məlumata görə, həmin ada ötən illə müqayisədə üç dəfə genişlənib.
Ekspedisiyanın rəhbəri, alim İvan Yermakov bildirib ki, aparılan müşahidələr Xəzərdə su səviyyəsinin davamlı şəkildə aşağı düşdüyünü təsdiqləyir. Onun sözlərinə görə, hazırda aydın görünən əsas məqam dəniz səviyyəsinin azalmağa davam etməsidir.
