Türkiyədə hantavirusla bağlı karantin: 3 nəfər təcrid edildi

Az.shafaqna.com xəbər verir k, Hantavirus yoluxması aşkarlanan “MV Hondius” kruiz gəmisindən təxliyə edilən üç Türkiyə vətəndaşı gecə saatlarında İstanbula çatdırılıb.

Türkiyə mediasının məlumatına görə, ölkəyə gətirilən şəxslər Səhiyyə Nazirliyinin nəzarəti altında ev karantininə yerləşdiriliblər. Bildirilib ki, onlarda hazırda xəstəliyə aid hər hansı əlamət müşahidə olunmur.

Bununla belə, ehtiyat tədbiri kimi həmin şəxslərin gəmidə yoluxmuş insanlarla təmasda olması və ya riskli qida qəbul etməsi ehtimalı nəzərə alınaraq karantin rejimi tətbiq edilib.

Xatırladaq ki, ötən həftə Ümumdünya Səhiyyə Təşkilatı Argentinadan Kabo-Verdeyə hərəkət edən “MV Hondius” kruiz gəmisində hantavirus hallarının qeydə alındığını açıqlamışdı. Gəmidə bir neçə nəfərin yoluxduğu, üç nəfərin isə həyatını itirdiyi bildirilmişdi.

Mayın 10-da gəmi Tenerife adası limanına çatdıqdan sonra sərnişinlərin təxliyəsinə başlanılıb. ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus insanların 10 reys vasitəsilə təxliyə olunmasının planlaşdırıldığını bildirib. İlk olaraq 14 İspaniya vətəndaşı xəstəxanaya yerləşdirilib.

Bu məqaləni paylaş