Macarıstanın yeni hökuməti Rusiya ilə münasibətləri açıq və qarşılıqlı maraqlar əsasında inkişaf etdirmək niyyətindədir.
Bu barədə ölkənin yeni Baş naziri Peter Maqyar tərəfindən xarici işlər naziri postuna namizəd göstərilən Anita Orban parlamentdə keçirilən dinləmələr zamanı danışıb.
Onun sözlərinə görə, Rusiya Avropa üçün mühüm tərəfdaş olaraq qalır, lakin münasibətlər birtərəfli asılılıq üzərində qurulmamalıdır. Anita Orban bildirib ki, Budapeşt gələcəkdə Moskva ilə əlaqələri iki suveren dövlət arasında qarşılıqlı maraqlara söykənən şəffaf əməkdaşlıq modeli üzərində qurmağa çalışacaq.
Parlamentin Xarici İşlər Komitəsində keçirilən səsvermədə onun namizədliyini altı deputat dəstəkləyib, üç nəfər isə əleyhinə çıxıb. Daha əvvəl Aİ İşləri Komitəsi də onun namizədliyinə müsbət rəy vermişdi.
Məlumata görə, Anita Orbanın namizədliyi parlament tərəfindən əlavə müzakirəsiz təsdiqlənəcək. Qeyd edək ki, Tisza Partiyası aprelin 12-də keçirilən seçkilərdə 199 yerdən 141-ni qazanıb və partiyanın lideri Peter Maqyar mayın 9-da hökumət başçısı olub.
