Almaniyada qaz bahalaşacaq – XƏBƏRDARLIQ!

Az.shafaqa.com xəbər verir ki, Almaniya Federal Şəbəkə Agentliyinin rəhbəri Klaus Müller bildirib ki, İran qarşı başladılan müharibə Almaniyada qaz qiymətlərinin müəyyən qədər yüksəlməsinə səbəb olacaq.

Onun sözlərinə görə, İrana qarşı müharibənin təsiri artıq qaz bazarında hiss olunur və birjalardan qaz alan şirkətlər bu vəziyyətlə üzləşirlər.

Bununla belə, Müller qeyd edib ki, əksər ev təsərrüfatlarının uzunmüddətli müqavilələri olduğu üçün qiymət artımı dərhal hamıya təsir etməyəcək. Yeni tariflər əsasən yeni müqavilələr bağlanarkən tətbiq olunacaq.

O vurğulayıb ki, hazırkı vəziyyət Ukrayna müharibəsinin əvvəlində müşahidə olunan kəskin bahalaşma səviyyəsində deyil. Bununla yanaşı, agentlik rəhbəri qazdan qənaətlə istifadə etməyə çağıraraq bu resursun strateji əhəmiyyət daşıdığını deyib.

Müller əlavə edib ki, elektrik enerjisi bazarında vəziyyət fərqlidir. Onun sözlərinə görə, bərpa olunan enerji mənbələrinin payının artması və mövsümi amillər elektrik qiymətlərinin azalmasına kömək edir.

Qeyd olunur ki, Almaniya son illərdə ciddi iqtisadi çətinliklərlə üzləşir. Bu proses əvvəlcə COVID-19 pandemiyası ilə başlayıb, daha sonra isə Rusiyadan qaz tədarükünün dayanması fonunda daha da dərinləşib.

Bu məqaləni paylaş