Yaponiya Azərbaycandan neft almağa başlayıb

Yaponiya ABŞ və İsrailin İrana qarşı müharibə başlatmasından sonra ilk dəfə olaraq Azərbaycandan neft partiyası qəbul edəcək. Buna səbəb Hörmüz boğazı vasitəsilə neft daşımalarında yaranan məhdudiyyətlərdir.

Az.shafaqna.com xəbər verir ki, Azərbaycan nefti daşıyan tanker artıq çərşənbə axşamı Yokohama limanına çatmalıdır. Yük Yaponiyanın “Eneos” şirkəti üçün nəzərdə tutulub.

Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinin böhran idarəetməsi üzrə rəhbər müavini Narumi Hosokava bildirib ki, bu, Yaxın Şərqdəki müharibə başlayandan sonra Azərbaycandan Yaponiyaya həyata keçirilən ilk neft tədarüküdür.

Müharibədən əvvəl Yaponiyanın neft idxalının təxminən 95 faizi Yaxın Şərq ölkələrinin payına düşürdü. Lakin Hörmüz boğazında gəmiçiliyin məhdudlaşdırılmasından sonra Tokio alternativ mənbələr axtarmağa başlayıb.

Məlumatda qeyd edilir ki, Yaponiyanın neft emalı zavodları əsasən Yaxın Şərq neftinə uyğunlaşdırılsa da, ölkə artıq idxalı şaxələndirməyə başlayıb. Azərbaycanla yanaşı, Yaponiya ABŞ-dan neft alışını artırıb və sanksiyalardan istisna edilən Rusiyanın “Saxalin-2” layihəsindən də xammal idxal edib.

2022-ci ildə Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Yaponiya Rusiya neftinin idxalını demək olar ki, dayandırmış və Moskvaya qarşı sanksiyalara qoşulmuşdu.

Yaxın Şərqdən tədarükdə yaranan çatışmazlığı azaltmaq üçün Tokio strateji neft ehtiyatlarından da istifadə etməyə başlayıb. Mayın 8-nə olan məlumata görə, Yaponiyanın neft ehtiyatları ölkənin daxili tələbatını 205 gün təmin etməyə kifayət edir.

ETİKETLƏNDİ:
Bu məqaləni paylaş