Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Gürcüstan Baş naziri Giorgi Qaxariya istefa verməyə hazırlaşmır.
Bu barədə onun özü jurnalistlərə açıqlama verib.
Xatırladaq ki, bir sıra gürcü KİV-lərində Qaxariyanın böyük ehtimalla istefaya göndəriləcəyi, onun yerinə isə hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidzenin keçəcəyinə dair şayiələr yayılıb.
“Artıq yarımildir mən (bunları) eşidirəm – nə vaxt gedirsiniz, sabah? Sabah? Bəlkə, elə artıq dünən çıxmısınız? Məgər görmürsünüz ki, mən hələ indi gəlirəm?! Bunlar artırq ürəksıxıcı hal alan adi dedi-qodulardır. Axı daha maraqlı, mənalı bir şeylər haqda da danışmaq olar. Yarımil ərzində hər dəfə jurnalistlərə üzbəüz gələndə nə zaman istefaya gedəcəyim barədə sual soruşmaq olmaz axı. Bu, artıq gülüncdür”, – deyə o bildirib.
Qeyd edək ki, Qaxariyanın istefasına dair şayiələri Gürcüstanın müdafiə naziri İrakli Qaribaşvili də təkzib edib. O, jurnalistlərə deyib ki, hökumətdə heç bir ciddi kadr dəyişikliyi planlaşdırılmır.
“Bütün bu şayiələr yalnız bir məqsədə xidmət edir – bir yolla cəmiyyətə narahatlıq toxumu səpmək və komandada nələrinsə yolunda olmamasına dair təəssürat yaratmaq. Eyni zamanda da, mən sizi inandırıram ki, qətiyyən heç nə baş vermir”, – deyə Qaribaşvili bildirib