Melanşon: İsrail dünya üçün ən böyük təhlükədir

Az.shafaqna.com xəbər verir ki, Fransada prezidentliyə namizəd, solçu lider Jan-Lük Melanşon Fransanın LCI kanalına verdiyi müsahibədə Yaxın Şərqdəki gərginliklə bağlı kəskin bəyanatlarla çıxış edib. O, İsrailin hazırkı rəhbərliyini regionda və dünyada sabitlik üçün “ən ciddi təhlükə” adlandırıb.

Melanşon müsahibəsində Benyamin Netanyahu hökumətini “müharibə qızışdırmaqda” və qonşu dövlətlərin suverenliyinə qəsd etməkdə ittiham edib.  Melanşonun fikrincə, İsrail regionda və dünyada hərbi gərginliyi qəsdən artıran tərəfdir və mülki əhaliyə qarşı “soyqırım” siyasəti yürüdür.

Müsahibə zamanı Melanşon BMT-nin hərbi rəsmilərindən biri ilə apardığı gizli söhbətin detallarını da açıqlayıb. O, mümkün Livan əməliyyatı zamanı BMT qüvvələrinin (UNIFIL) davranışını sorğuladıqda, onlara “geri çəkilmək” əmrinin verildiyi cavabını aldığını bildirib.

Fransalı siyasətçi sülhməramlıların münaqişə zonasından çıxarılması planını kəskin pisləyərək, bu addımın missiyanın təməl prinsiplərinə zidd olduğunu qeyd edib: “Sülhməramlıların rolu geri çəkilmək deyil, qarşıdurma tərəflərini bir-birindən ayırmaqdır.”

Sonda Melanşon xəbərdarlıq edib ki, Fransa öz hərbçilərinə qarşı hər hansı hücumu cavabsız qoymayacaq və milli maraqlarını qorumaq üçün adekvat addımlar atacaqdır.

Bu məqaləni paylaş