Az.shafaqna.com xəbər verir ki, Çinin keçmiş müdafiə nazirləri Li Şanqfu və Vei Fenxe rüşvət alma və vermə işi üzrə ölüm cəzasına məhkum ediliblər.
Li Şanfu rüşvət alma və verməkdə, Vey Fenxe isə rüşvət almaqda təqsirli bilinib. Hər iki keçmiş nazir ömürlük siyasi hüquqlardan məhrum edilib və onların bütün əmlakı müsadirə olunacaq.
Li Şanfu 2018–2023-cü illərdə, Vey Fenxe isə 2023-cü ilin mart-oktyabr aylarında müdafiə naziri vəzifəsində çalışıb. Onlar eyni zamanda Çinin Mərkəzi Hərbi Şurasının üzvləri və dövlət müşavirləri olublar.
ÇXR hərbi məhkəməsinin qərarına əsasən, hər iki şəxsə iki illik möhlətlə ölüm hökmü çıxarılıb. Onlar dövlət vəzifəsi tutmaq, səsvermədə iştirak etmək və siyasi fəaliyyətlə məşğul olmaq hüququndan ömürlük məhrum ediliblər.
Məlumatda qeyd olunur ki, “iki illik möhlət müddəti başa çatdıqdan sonra hökm qanuna uyğun olaraq ömürlük həbslə əvəz olunacaq və onlar cəzanın yüngülləşdirilməsi və ya şərti azadlığa buraxılma hüququ olmadan ömürlük həbsdə qalacaqlar”.
Çində ölüm hökmünün möhlətlə icrası xüsusi hüquqi mexanizm hesab olunur. Bu, dərhal edamın alternatividir və məhkum üçün iki illik “sınaq müddəti” nəzərdə tutur. Möhlət müddəti başa çatdıqdan sonra hökm adətən ömürlük həbslə əvəz edilir. Xüsusi xidmətləri olan şəxslərin cəzası isə 25 il həbsə qədər azaldıla bilər.
Ötən ilin avqustunda “China Central Television” xəbər vermişdi ki, Haynan əyaləti Xalq Məclisinin Daimi Komitəsinin keçmiş sədr müavini Liu Xingtai ümumilikdə 316 milyon yuandan (təxminən 44 milyon dollar) çox rüşvət almaqda təqsirli bilinərək iki illik möhlətlə ölüm cəzasına məhkum olunub.
Həmin ilin sentyabrında isə Çinin keçmiş kənd təsərrüfatı naziri Tang Renjian də rüşvət alma ittihamı ilə ölüm cəzası alıb.
