Gürcüstanda daxili reyslər bərpa edildi: İSTİQAMƏTLƏR VƏ CƏDVƏL

Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Gürcüstanda daxili aviauçuşlar bərpa edilib.

12 fevraldan Nataxtari aerodromundan Mestia (Svaneti yüksəkdağlıq regionu) və Ambrolauriyə (Raça yüksəkdağlıq regionu) müntəzəm uçuşlar həyata keçiriləcək.

Bu barədə Gürcüstan Hava Limanları Birliyi məlumat verib.

Cədvələ əsasən, fevral və mart aylarında Ambrolauriyə (Raça) hər həftənin cümə və bazar günləri ikitərəfli reyslər həyata keçiriləcək: çıxış – 15:30, geri dönüş – 16:45.

Svanetiyə uçuşların cədvəlinə gəlincə isə, təyyarə həftədə bir dəfə – cümə günü uçuş edəcək. Nataxtaridən Mestiaya çıxış 10:00-da, geri dönü isə 12:00-da olacaq.

Daxili reyslərə aid biletlərin qiyməti dəyişməyib. Nataxtari-Mestia reysinin biletinin qiyməti böyüklər 90 laridir, 3-12 yaş aralığında uşaqlara 30% endirim edilir, 3 yaşadək olan uşaqlar üçün isə pulsuzdur.

Nataxtari-Ambrolauri reysinə isə biletin qiyməti 50 laridir.

Nataxtari, Ambrolauri və Mestia hava limanları Səhiyyə Nazirliyi və Mülki Aviasiya Agentliyinin təyin etdiyi bütün tələblər üzrə təmin edilib – dezinfeksiya baryerləri, sosial məsafə, termoskrininq.

Xatırladaq ki, Gürcüstan 1 fevraldan bütün istiqamətlər üzrə olan müntəzəm beynəlxalq uçuşların mərhələli bərpasına başlayıb. Pandemiya səbəbi ilə ötən ilin mart ayının ortasından ölkə qapadılıb (bəzi istisnalar olmaq şərti ilə). Gürcüstandan və geriyə yalnız xüsusi reyslər həyata keçirilib və bu cür uçuşlar ölkə vətəndaşlarının vətənlərinə geri qaytarılması məqsədli olub.

Bu məqaləni paylaş