
Az.shafaqna.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 6-da İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Əl-Casirin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Söhbət zamanı İlham Əliyevin Məhəmməd Əl-Casirlə görüşləri məmnunluqla xatırlandı, onun Azərbaycana səfərlərinin tərəfdaşlığın genişləndirilməsi işinə töhfə verdiyi bildirilib.
Həmçinin Azərbaycanla İslam İnkişaf Bankı arasında uzun illərdir səmərəli əməkdaşlığın qurulduğu vurğulanıb.
Bankın Azərbaycanda iqtisadiyyatın müxtəlif istiqamətlərində, həmçinin enerji, o cümlədən yaşıl enerji, kənd təsərrüfatı, su və irriqasiya sistemləri, infrastruktur və sosial sahələrdə bir sıra layihələr həyata keçirdiyi qeyd edilib, bu xüsusda vurğulanıb ki, 20-yə yaxın dövlət və özəl layihənin icrası üçün bank tərəfindən 1,2 milyard ABŞ dollarından çox vəsait ayrılıb.
Görüşdə bankın bu ilin iyununda Bakıda keçiriləcək İllik toplantılarına hazırlıq məsələləri də müzakirə olunub.
Məhəmməd Əl-Casir Ələt Azad İqtisadi Zonası ilə tanış olacağını, həmçinin Qarabağa səfər edəcəyini bildirib.
Söhbət zamanı Azərbaycanla bank arasında əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.






























