
Az.shafaqna.com xəbər verir ki, Cənubi Afrika Respublikasında 500 kiloqramlıq timsah polis tərəfindən öldürülüb. Timsahın mədəsində yerli bir iş adamının qalıqları və altı ədəd ayaqqabı tapılıb.
Timsah çay sahilində – körpü yaxınlığında aşkar edilib. 59 yaşlı hotel sahibi Qabriel Batista da sonuncu dəfə məhz həmin yerdə görülmüşdü.
Timsah yediklərindən o qədər ağırlaşmışdı ki, demək olar hərəkət etmirdi və polis ona yaxınlaşanda belə qaçmağa cəhd göstərməyib.
Timsah güllələndikdən sonra onun cəsədi qarmaqla tutulub və yırtıcılarla dolu çaydan helikopter vasitəsilə çıxarılıb. Timsahın uzunluğu 4,5 metr olub.
Cəsəd yaxınlıqdakı Kruger National Park ərazisinə aparılıb. Orada yarıldıqdan sonra mədəsindən insan qalıqları — iki əl və döş qəfəsinin bir hissəsi aşkarlanıb. Bundan əlavə, içəridə altı ədəd ayaqqabı və çimərlik şlepi də tapılıb.
Hazırda polis həlak olan şəxsin kimliyini dəqiq müəyyənləşdirmək üçün ekspertiza aparır.
Qeyd edək ki, Afrikada hər il 800-dək insan timsahın qurbanına çevrilir.






























