
Az.shafaqna.com xəbər verir ki, Çinin Hunan əyalətində yerləşən fişəng – pirotexnika istehsalı zavodunda baş verən güclü partlayış nəticəsində ölənlərin sayı 21-ə yüksəlib, 61 nəfər isə yaralanıb.
Məlumata görə, hadisə yerində genişmiqyaslı xilasetmə əməliyyatı aparılır – beş qrupdan ibarət 482 nəfər cəlb olunub. Xilasedicilər robotlar və xüsusi texnika vasitəsilə ərazidə işləyirlər.
Bildirilib ki, zavodda yerləşən iki barıt anbarı hələ də ciddi təhlükə yaradır. Bu səbəbdən ərazi üzrə bir kilometrlik əməliyyat zonası və üç kilometrlik nəzarət zonası yaradılıb, yaxınlıqdakı sakinlər təxliyə edilib. Yaralıların hamısı xəstəxanalara yerləşdirilib.
Hüquq-mühafizə orqanları zavod sahibinin saxlanılması üçün tədbirlər görür. Hadisənin səbəbləri ilə bağlı araşdırma davam edir.






























