“Radikal müxalifətin bu konkret nümayəndəsinin bizim Pravoslav Kilsəmizlə bağlı verdiyi bu cür bəyanatlar bir daha göstərir ki, bu birliyin, radikal müxalifətin və kollektiv ‘Milli Hərəkat’ın heç bir perspektivi yoxdur”.

Az.shafaqna.com xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

Kobaxidze Gigi Uqulavanın sosial şəbəkədə paylaşdığı “Patriarx öldü, yaşasın ekzarx” sözlərinə münasibət bildirərkən ana kilsə ilə qarşıdurma fonunda heç bir siyasi uğurdan söhbət gedə bilməyəcəyini vurğulayıb:

“Ölkənin identikliyi ilə bağlı hər şeyə, o cümlədən ana kilsənə qarşı çıxırsansa, orada siyasi uğurla bağlı heç bir ambisiyan ola bilməz. Bu, həm həmin insanların, həm də bu kollektiv siyasi qüvvənin əsl simasını növbəti dəfə nümayiş etdirir. Onlar sadəcə fərdi siyasətçilər deyildi; bu, bütöv bir partiya spektri, media və QHT-lər idi. Hamısı kilsə əleyhinə kampaniyaya cəlb olunmuşdu. Bizim bu kampaniyanı zəiflətmək və dayandırmaq üçün böyük səylərimiz, əks-kampaniyamız tələb olundu. Nəticədə məqsədimizə çatdıq, lakin bu, olduqca çətin bir vəzifə idi.

Belə bir kampaniyanın aparılmasını onlara xarici dostları diktə edirdi. Partiyalar, QHT-lər, media qurumları — hər kəs bizim dayandırdığımız bu ağır kampaniyanın tərkib hissəsi idi. İndi yeni bir kampaniyaya başlamağa çalışırlar, belə bəyanatlar verirlər, lakin bunun da heç bir uğuru olmayacaq. Kilsəmiz bu günə qədər olduğu kimi, bundan sonra da sarsılmaz və güclü olacaq. Eyni sözləri Gürcüstan dövləti haqqında da deyə bilərəm. Radikal müxalifət nə qədər çalışsa da, Gürcüstan dövləti gələcəkdə də möhkəm və qüdrətli olacaq”, — deyə Kobaxidze bəyan edib.

𝒊 Ekzarx: Müstəqil olmayan, kənardan təyin edilən dini rəhbər (bir növ canişin).
İdentiklik: Bir milləti digərlərindən fərqləndirən, onu bütöv saxlayan mənəvi və mədəni xüsusiyyətlərin cəmi.