
Az.shafaqna.com xəbər verir ki, bu barədə “Shafaqna” Beynəlxalq Agentliyinin baş redaktoru Dr.Əbəlfəz Fateh özünün məqaləsində qeyd edir.
Məqaləni təqdim edirik:
“Bismillahir-rəhmanir-rəhim.
Çox mürəkkəb bir vəziyyətlə üz-üzəyik. Lakin istər 12 günlük, istərsə də qırxdan artıq gün davam edən müharibədə ABŞ-ı fasiləsiz bombardmandan atəşkəsə, mühasirəyə və siyasi yola keçməyə məcbur etmək mühüm uğur və ciddi addım olub.
Oyun hələ bitməyib. Nəinki üçüncü hücum ehtimalı, ümumiyyətlə qarşıdakı iki il yarımda heç nə istisna deyil. ABŞ öz supergüc statusu ilə bağlı olan və nüfuzuna zərbə vuran bu müharibədən asanlıqla geri çəkilməyəcək. Amma ABŞ-ın dağıdıcı gücünə və İsrailin “çirkli müharibəsinə” baxmayaraq, ölkənin hərbi gücü və təşəbbüskarlığı nəzərə alındıqda, yeni təhlükəli addımlar və yeni cəbhələrin açılması ehtimalı olsa da, hərbi dayanıqlılıq baxımından ciddi narahatlıq yoxdur; sadəcə hazır olmaq və qəfil yaxalanmamaq lazımdır. Siyasi struktur da terrorlar və təzyiqlər qarşısında yüksək dözümlülük göstərib, milli bütövlük isə daha da möhkəmlənib.
Orta və uzun müddətdə iqtisadiyyat İranın Axilles dabanıdır və cənubdan tətbiq olunan mühasirə təsirlidir. Lakin xalqın roluna, yaradıcı və təhsilli insan resursuna və özəl sektorun təşəbbüskarlığına güvənilsə, bu qədər geniş əraziyə, sərhədlərə və daxili potensiala malik ölkəni boğmaq mümkün deyil.
Bəzi infrastruktur obyektlərinin hədəfə alınmasını nəzərə alsaq, “iqtisadi əsaslı” narazılıq və iğtişaş ehtimalı realdır. Amma İranda adətən iqtisadi problemlər siyasi faktor olmadan təkbaşına böhrana çevrilmir. Bu yolda, əgər həm hakimiyyət və onun mediası, həm də siyasi qüvvələr və onların media qurumları — o cümlədən islahatçılar və ziyalılar — bir müddət siyasi və mədəni tələbləri kənara qoyub əməkdaşlıq və birlik istiqamətində hərəkət etsələr, bu, yalnız təsirli deyil, həlledici olar.
Xarici siyasət, xüsusilə müharibə şəraitində, daxili siyasi parçalanmaların ötürüldüyü yer deyil. Belə bir səhv, sosial parçalanma və xarici psixoloji müharibə üçün imkan yaradar.
Biz bir supergüc və dağıdıcı işğalçı tərəfindən hücuma məruz qalmışıq. Xalq bu mürəkkəbliyi və məqamları anlayır. Belə bir vəziyyətdə müharibənin, danışıqların və gələcəyin əsas istiqamətləri, qələbə və razılaşma anlayışları barədə üfüqləri açmaq insanların sosial haqqıdır və milli birliyin təminatıdır. İnsanların bilməyə haqqı var: hara doğru gedirik?
Hakimiyyət daxilində birlik, xalqla şəffaflıq, daxili imkanların real qiymətləndirilməsi, məntiqli şərtlər və çərçivələr daxilində danışıqlara açıq olmaq və ölkənin bütün diplomatik potensialından istifadə etmək — nəticə əldə olunana qədər davamlılıq üçün zəruridir.
Unutmayaq ki, xalq vətənin ucalığı və gələcək nəsillər üçün çətinliklərə dözür. Bundan əlavə, daxili problemlər qarşısında ədalət hər zaman ən güclü vasitədir. Ədalətin qoxusu yayılsa, xalq sona qədər dəstək verəcək.
Hər şeydən öncə isə inanmalıyıq ki, bir Allah da var.”






























