Az.shafaqna.com xəbər verir ki, Litva müsəlmanları artıq 30 ildir ki, paytaxt Vilnüs şəhərində yerləşən məscidin tikilməsinə nail olmağa çalışırlar.
Lakin şəhərin meri Valdas Benkunskas paytaxtda mərkəzi məscidin tikintisini razılaşdırmaqdan imtina edir və bunu Litvada fəaliyyət göstərən dörd məscidin kifayət etməsi ilə əsaslandırmaq istəyir.
Litvada dörd məscid fəaliyyət göstərir: Kaunasda, Alytus rayonunun Rayjay qəsəbəsində və Vilnüs rayonunda iki məscid — şəhərətrafı Neməjis və Sorok Tatar kəndində.
Sovet dövründə ibadət evləri qapalı saxlanılırdı. 1990-cı ildən sonra isə dindarlar müəyyən azadlıqlar əldə etməyə nail oldular.
36 il keçməsinə baxmayaraq, 2026-cı ildə bayram namazları üçün Litva müsəlmanları hələ də anqarlarda və digər məkanlarda toplaşmalı olurlar.
Müsəlman icması dövlətdən maliyyə istəmir. Onlar məscidi öz vəsaitləri hesabına tikməyə hazırdırlar.
Bununla yanaşı, Vilnüsdə məscidin mövcudluğu yeni hal olmayacaq, çünki tarixən Vilnüsdə məscid olub. Həmin məscid Neris çayının sahilində, şəhərin inzibati hissəsində yerləşirdi; ora ikinci dünya müharibəsinin döyüşləri zamanı dağılıb, 1960-cı illərdə isə həmin ərazidə Alimlər evi, məktəb, institut və körpü inşa edilmişdir. Bu müqəddəs məkandan yalnız küçə adında iz qalıb.
