Az.shafaqna.com xəbər verir ki, Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili nümayəndə heyəti ilə birlikdə Pekin şəhərinə səfərə yollanıb.

Burada o, Çin hökumətinin nümayəndələri və iri şirkət rəhbərləri ilə mühüm görüşlər keçirəcək.

Bu barədə Gürcüstanın İqtisadiyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Çin Xalq Respublikasına səfər çərçivəsində Mariam Kvrivişvili Çinin ticarət naziri Vanq Ventao və Milli İnkişaf və İslahat Komitəsi sədrinin müavini Cou Haybin ilə görüşləri planlaşdırılıb. Həmçinin Gürcüstan və Çin arasında azad ticarət sazişinə dəyişiklik protokolunun imzalanması nəzərdə tutulur.

Mariam Kvrivişvili ilə birlikdə Pekində keçiriləcək görüşlərdə nazir müavinləri Genadi Arveladze və İrakli Nadareişvili də iştirak edəcəklər. Nümayəndə heyətinə həmçinin İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Neft və Qaz Dövlət Agentliyinin direktoru Giorgi Tatişvili və “Gürcüstanda istehsal et” agentliyinin rəhbəri Mixeil Xidurəli daxildir.